Payız inflyasiyası: Maaş və pensiyalar yüksəlməlidir | TƏHLİL

      Payız inflyasiyası:    Maaş və pensiyalar yüksəlməlidir    | TƏHLİL
  15 Sentyabr 2024    Oxunub:366
Hər il yay mövsümünün sonunda və payızın ilk ayı ərzində istehlak qiymətləri indeksi, yəni inflyasiya tempi sürətlənir. Başqa sözlə, bahalaşma baş verir. Bu özünü bəzən kəskin, bəzən gizli büruzə verir. Cari ilin avqust ayında da eyni tendensiya nəzərə çarpıb. Ötən ilin eyni ayına nisbətən 3,5% inflyasiya qeydə alınıb.
İstehlak qiymətləri indeksi əvvəlki aya nisbətən 0,4%, bütövlükdə yanvar-avqust aylarındasa əvvəlki ilin müvafiq dövrünə nisbətən 1,3% yüksəlib. İyul ayında sözügedən göstərici əvvəlki aya nisbətən 0,9, yanvar-iyul aylarındasa əvvəlki ilin eyni dövrünə nisbətən 1% təşkil etmişdi.

İlk baxışda temp elə də çox yüksəlməyib. Lakin payız faktorunun da yaradacağı təsir və təzyiqlər baxımından inflyasiyanın sürətlənməsi adi hal kimi qəbul edilməli deyil. Nəzərə almaq vacibdir ki, yayda yanacağın və internetin də qiymətləri qalxıb. Bunlar da təsirlərini payız aylarında göstərə bilər.

Doğrudur, sosial aspektdə hələ ki hansısa ciddi mənfi rezonans müşahidə edilmir. Rəsmi statistikaya əsasən, 2024-cü ilin yanvar-iyul aylarında ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin orta aylıq nominal əməkhaqqı əvvəlki ilin müvafiq dövrünə nisbətən 8,3% artaraq 1002,4 manat təşkil edib. Bu ilk 8 ayın 1,3%-lik inflyasiya səviyyəsindən yuxarıdır. Yanvar-iyun aylarında qeyd olunan göstərici 8,8% artaraq 1002,8 manat təşkil etmişdi. Azalma ciddi deyil.

İlin sonunda ölkə üzrə orta aylıq nominal əməkhaqqı göstəricisi bir az da yüksək olacaq. Qarşıda minimum əməkhaqqının artırılacağı söhbəti var. Əgər bu, cari ilin qalan dövrü ərzində baş verərsə, 2024-cü il üçün orta aylıq nominal əməkhaqqı göstəricisi 10%-dən çox artım nümayiş etdirəcək.

Lakin əsas məsələ əhalinin xərclərinin strukturudur; başqa sözlə desəm, pərakəndə ticarət şəbəkəsindən alınan mallara xərclənən mövcud vəsaitin ən çox məhz nəyə sərf olunması. Rəqəmlərə diqqət yetirək: 2024-cü ilin ilk 8 ayında əhalinin xərclədiyi vəsaitin 50,8%-i ərzaq məhsullarına, 4,5%-i içki və tütün məmulatlarına, 13,0%-i toxuculuq məhsulları, geyim və ayaqqabılara, 5,7%-i avtomobil benzini və dizelə, 4,9%-i elektrik malları və mebellərə, 2,2%-i əczaçılıq ilə tibbi ləvazimatlara, 1,2%-i kompüterlər, telekommunikasiya və çap avadanlıqlarına, 17,7%-i isə digər qeyri-ərzaq mallarına sərf olunub. İlin ilk 6 ayı ərzində pərakəndə ticarət şəbəkəsində ərzaq məhsullarına xərclənilən vəsait 50,6% təşkil etmişdi. Göründüyü kimi, əhalinin xərclərinin strukturunda ərzağa xərclənən vəsaitin həcmi artıb.

Odur ki, əvvəlki yazılarımın birində qeyd etdiyim kimi, orta aylıq nominal əməkhaqqı göstəricisi çox şeyi ifadə etmir. Birincisi, söhbət vergi və bütün növ sosial ödənişlərlə birgə əməkhaqqı fondlarının cəmindən, onun mövcud işçi sayına bölünərək alınan göstəricidən gedir. İkincisi isə, gizli məşğulluğun üzə çıxarılması nəticəsində əmək müqavilələrinin bağlanması sayı da orta aylıq nominal əməkhaqqı göstəricisinə təsir edir. Yəni bunu da nəzərə almaq vacibdir.

Ona görə də, orta aylıq nominal əməkhaqqı göstəricisi durmadan artsa belə, bu, əhalinin sosial müdafiəsini daha yaxşı təşkil etmək tələbi sarıdan 2019-cu ildən başlanılan siyasəti davam etdirməyi əsla yubatmalı deyil. Xüsusən də, inflyasiyanın tempində cuzi də olsa sürətlənmə qeydə alınıbsa! Orta aylıq nominal əməkhaqqı göstəricisinin artım səviyyəsinin istehlak qiymətləri indeksindən yüksək olub-olmaması qeyd olunan məsələdə ciddi istinad mənbəyi sayıla bilməz. Sözün qısası, maaşlar və pensiyalar artırılmalıdır.


Pərviz Heydərov
Xüsusi olaraq AzVision.az üçün


Teqlər: İnflyasiya  





Xəbər lenti